Bakı bazarlarına nəzarət edən tapılacaqmı

Alış-veriş iqtisadiyyatda mədəniyyət nümunəsidir. İnsanlar arasında qarşılıqlı münasibətin göstəricilərindən biridir. Bəs, əhalinin daim müraciət etdiyi, alqı-satqı ilə məşğul olduğu bazarlarda bu münasibətlər necə qurulub?

Bu məqsədlə müşahidəçi qismində paytaxtın bir neçə bazarında, o cümlədən, 8-ci kilometr bazarında, Yaşıl bazarda, 28 May bazarında və Təzə bazarda olduq. Elə ilk anlardan natəmizliklə, çəkidə, qiymətdə və keyfiyyətdə alıcıları aldatmalarla qarşılaşdıq. Bütün bazarlarda gördüklərimizi - özbaşınalığın baş alıb getdiyi, alverçilərin meydan suladığı 8-ci kilometr bazarının timsalında qələmə almağı lazım bildik.

Şərti olaraq beş hissəyə bölünmüş və beş bazarkomun rəhbərlik etdiyi 8-ci km bazarında ilk baxışdan natəmizlik, qarmaqarışıqlıq, kənd təsərrüfatı məhsullarının gigiyenik qaydalara əməl edilmədən hara gəldi tökülüb satılması, xüsusilə çəkidə aldadılmış alıcıların əsəbi etirazları diqqətimizi cəlb etdi. Bazarın ortası ilə keçən yolun kənarlarına düzülmüş içidolu zibil qutularının, günlərlə qalıb köhnələrək pulunu tökmüş “təzə balıqlar”ın, çürümüş meyvə-tərəvəzin “baş çatladan” qoxusu hər kəsi narahat edirdi. Bazara daxil olan insanlar yay aylarından başqa ilin bütün fəsillərində topuğa çıxan palçıqlı yollarla irəliləyərək bazarlıq edirdilər. Mərkəzi yolun satıcılar tərəfindən tamamilə zəbt edilərək gediş-gəlişə mane olmaları, bu azmış kimi şəxsi maşınların həmin yolda əhalini sıxışdıraraq irəliləmələri dözülməzdir. Bu ticarət mərkəzinə üz tutan insanlar daim qiymətdə, çəkidə və keyfiyyətdə aldadılaraq hüquqları pozulur. Burada əksər tərəzilər 1kq əvəzinə 700-800 qram çəkir. Xüsusilə yolboyu dəmir arabaların üzərinə meyvə-tərəvəz töküb satan işbazlar, bir qayda olaraq alıcıları hər kiloqramda 200- 300 qram aldatmasalar, buna ticarət deməzlər. Etiraz edən alıcılar isə təhqir olunur, bəzi hallarda özləri ilə apardıqları əl tərəziləri kobud satıcılar tərəfindən alınaraq sındırılır. Necə deyərlər, oğru elə qışqırır ki, doğrunun bağrı yarılır.

8-ci kilometr bazarının ət və ət məhsulları satılan hissəsində camış əti inək və dana əti, Siyəzən broyler toyuqları Hövsan broyler və Zirə broyler toyuqları adı ilə alıcılara elə satilir ki, onların heç ruhu da incimir.

Santexnika satılan hissədə keyfiyyətsiz mallar, adətən Rusiya və Türkiyə malları adı altında baha qiymətə realizə edilir.

Bazarın kənd təsərrüfatı məhsullarının topdansatiş satışı hissəsində alıcılar daim çəkidə aldadılırlar. Özü də nə az, nə çox, hər kisədə tərəzi 3-5 kq artıq çəkir. Çəkidə aldatmalar 8-ci kilometr bazarının əsas xüsusiyyətidir.

Bazarda, bir qayda olaraq kartof Gədəbəy, Tovuz, qoz, fındıq, şabalıd Qəbələ, Zaqatala, Türkiyə və İran limonları Lənkəran, pomidor Zirə, paxla Şəki, nar Göyçay və s. yerlərin adları altında alıcılara satilir. Əvvəllər bazarlarda məhsulların üzərinə qiymətləri, haradan gətirilməsi haqqında yarlıqlar qoyular və bazarkomlar bu məsələyə xüsusi diqqət yetirərdilər. Doğrudur, indi bazarlarda hər kəsin öz məhsulunu istədiyi qiymətə satmaq hüququ var. Lakin çəkidə və keyfiyyətdə alıcıları aldadan satıcılar cərimə olunmaqla, ikinci dəfə həmin bazara buraxılmamaqla və s. kimi tədbirlərlə cəzalandırıla bilərlər.

Bazarlardakı vəziyyətə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi əməkdaşlarının nə dərəcədə nəzarət etdiyini öyrənmək məqsədilə həmin mərkəzin sanitariya-gigiyena şöbəsinin müdiri Ziyəddin Kazımovla telefon əlaqəsi yaratdıq. Z. Kazımov qaldırılan məsələ ilə bağlı həmin ticarət mərkəzlərində bu yaxınlarda reyd aparmadıqları üçün lazımi cavab verməyə çətinlik çəkdiyini, lakin yaxın günlərdə keçirəcəkləri reyddən sonra münasibət bildiriləcəyini söylədi.

Bundan başqa, bazarlarda qayda-qanun yaradılması istiqamətində həmin ticarət obyektlərinə rəhbərlik edən bazarkomların üzərinə böyük məsuliyyət düşür. Belə ticarət mərkəzlərində alış-veriş mədəniyyətinin yaradılması hər kəsin ürəyincə olar. 

Yaponiyanın “SONY” şirkətinin internet xidməti yenidən hakerlərin hücumuna məruz qalmışdır


Yaponiyanın “SONY” şirkətinin internet xidməti yenidən hakerlərin hücumuna məruz qalmışdır.
Hələ ötən yaz naməlum hakerlərin hücumu nəticəsində şirkətin “Playstation Network” proqramı iflic vəziyyətinə düşmüşdü.
Şirkətdən bildirmişlər ki, budəfəki kiberhücum zamanı “SONY”nin internet xidmətindən istifadə edən 93 mindən artıq müştərinin şəxsi məlumatları hakerlərin əlinə keçmişdir. Son zamanlar şirkətin onlayn xidmətinə çoxsaylı qeyri-qanuni müdaxilələr qeydə alınmış, nəticədə 100 minədək istifadəçinin şəxsi məlumatları cinayətkarlar tərəfindən oğurlanmışdır. Şirkətdən o da bildirilmişdir ki, hakerlər qeydiyyatdan keçmiş müştərilərin kredit kartlarının nömrələri haqqında məlumatları əldə edə bilməmişlər.
Yaponiyada son vaxtlar bir çox şirkətlərin, hətta Müdafiə Nazirliyinin internet xidmətinin haker hücumlarına məruz qalması barədə məlumatlar yayılır. Bunların arasında ən böyük rezonans doğuranı və şirkətə külli miqdarda ziyan vuranı apreldə “SONY”nin “Playstation Network” proqramının hakerlər tərəfindən sındırılması olmuşdur. Həmin vaxt naməlum cinayətkarlar 100 milyondan artıq istifadəçinin şəxsi məlumatlarını- ad, doğum tarixi, poçt ünvanları və kredit kartları haqqında informasiyaları oğurlamışdılar. 

Avro zona dağıla bilərmi?

B
u günlərdə avro zonada dildən-dilə dolaşan bir fikir varsa, o da budur - Avropanın 17 ölkəsinin üzv olduğu avro zonanın dağılması mümkündür. Amma hələlik bu gözlənilmir.

NƏ ÜÇÜN BU, MÜMKÜN GÖRÜNÜR?

Çünki İtaliya və Yunanıstan kimi zəif avro ölkələrinin hökumətlərinə borclarını və əməliyyat xərclərini ödəmək üçün borc pul tapmaq getdikcə daha baha başa gəlir. Bəs, nə üçün hələlik bu dağılma gözlənilmir? Çünki hətta bu ölkələrin borclanma faizləri dözülməz hesab olunan həddə gəlib çatsa belə, Avropa Birliyi və beynəlxalq maliyyə təşkilatları avro zonanın bütöv qalmasında qərarlı olduqlarını bildirirlər.

Ancaq heç kim indiyə qədər Portuqaliya, İrlandiya və Yunanıstan kimi nisbətən kiçik iqtisadiyyatları iflasdan xilas etmiş varlı ölkələrin İtaliya kimi daha böyük iqtisadiyyatı da iflasdan xilas edə biləcəyinə əmin deyil.

Bu da avro zonanın dağılıb dağılmayacağı sualını aktual edir. Bir çox ekspertlər deyirlər ki, avro zona o vaxt dağılacaq ki, varlı ölkələr kasıb ölkələri xilas etməkdənsə, bu valyuta birliyini tərk etməyi üstün tutacaqlar.

Əslində avro zonanın şimal ölkələri və ya ürəyi adlandırılan varlı ölkələrin artıq bu valyuta birliyini tərk etməyi nəzərdən keçirdikləri ilə bağlı işartılar da var.

«Onlar daha məhdud qrup ölkələr arasında bir müqavilə bağlamağı müzakirə ediblər. Bu müqaviləyə əsasən, həmin ölkələrin maliyyə sistemləri daha çox koordinasiya olunacaq. Onlar hətta mərkəzləşmiş xəzinəyə malik olacaqlar. Bura çox güman ki, Almaniya, Fransa, Hollandiya, ola bilsin ki, Finlandiya və bir neçə başqa ölkə də daxil olsun. Ancaq periferiya ölkələri daxil olmayacaq».

Bu, London İqtisadiyyat Məktəbinin baş müəllimi Peter Boonenin fikirləridir. «Periferiya» termini avro zonanın zəif ölkələrini, xüsusilə cənub ölkələrini ifadə etmək üçün işlədilir.

Ancaq avro zona dağılsa üzv ölkələrdən heç biri kütləvi iqtisadi çaxnaşmadan yan keçə bilməyəcək. Eləcə də avro zona ilə bank və ya ticarət əlaqələri olan dünyanın istənilən digər ölkələri də .


 BUNDAN ƏZİYYƏT ÇƏKƏNLƏR İSƏ AVRO ZONANIN ZƏİF ÖLKƏLƏRİ OLACAQ

Yunanıstanda həyat şəraiti xeyli pisləşəcək
​​​Məşhur UBC Bankının qiymətləndirmələrinə görə, zəif
ölkənin avro zonanı tərk etməsi birinci ildə onun hər bir vətəndaşına 9500 - 11500 avro məbləğində zərərə başa gələcək. Bu isə həmin ölkənin Ümum Daxili Məhsulunun 40-50 faizi deməkdir. Bu zərər də ondan irəli gələcək ki, avro zonadan çıxmış ölkə milli valyutaya qayıdacaq və öz borclarını və dövlət sektorundakı maaşları ödəmək üçün pul çap etməli olacaq. Yeni valyuta təbii ki, keçmiş avroya nisbətən dəyərdən düşəcək. Bu da inflyasiyanın artmasına gətirib çıxaracaq.

Afina İqtisadiyyat və Biznes Universitetinin siyasi iqtisadçısı Panos Tsakloglou deyir ki, Yunanıstan kimi ölkədə əvvəl - əvvəl həyat şəraiti xeyli pisləşəcək.

«Yeganə ümid onda olacaq ki, dəyərdən düşmüş valyuta Yunanıstan məhsullarını digər ölkənin məhsulları ilə müqayisədə daha ucuz və daha ixrac qabiliyyətli edəcək».

Ancaq Panos Tsakloglou ümid edir ki, Yunanıstan bu böhrandan avro zonada qala - qala çıxa biləcək.

Avro zonanın şimal ölkələrinə də avronun iflası nəticəsində yaranmış problemlərdən pay düşəcək. UBC Bankının qiymətləndirmələrinə görə, Almaniya kimi ölkənin avro zonadan çıxması ilk bir ildə bu ölkənin hər bir vətəndaşına 6-8 min avro zərərə başa gələcək. Bu da bu ölkənin Ümum Daxili Məhsulunun 20-25 faizi deməkdir.

Azerbaijan Azerbaijan, Baku, Baku | 0555141765

 
 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola